Həsrət yağışı
Bir həsrət yağışı yağır könlümə,
Hər damla sənsizəm, tez gəl, söyləyir.
Yenə də ürəyim baxmır sözümə,
Səninlə döyünür, sənsiz əriyir.
Belə yaşamağa alışımır ürək,
Səni daha yaxşı tanımam gərək.
Həsrətin vüsala üz çevirərək
Ağladır eşqimi məni səsləyir.
Bu da bir sınaqdır, kim deyə bilər.
Qarşıda nə qalıb, daha nə gəlir?!
Həsrət yağışını könlümə çilər,
Tez gəl, sədaları sənsiz yüksəlir.
Bir həsrət yağışı yağır könlümə,
Hər damla sənsizəm, tez gəl, söyləyir.
Mən
Bir ox olub ürəyinə sancılam,
Bir söz olub dilinə hoparam mən.
Günəşin tək səhərini açaram,
Sənsiz qalsam, inan ki solaram mən.
Ruhlanaraq, zövqü səndən alaram.
İnanaraq, sabaha boylanaram.
Yaşayaraq, sevgimə bağlanaram,
Sən olmasan, susub ölərəm həmən.
Sənsizlik
Yenə cismim alışıb od tutub yanır sənsiz,
Ürəyim parçalanır, qəlb evi viran sənsiz.
Sənin eşqinlə döyünən, sənin hicrinlə əriyən bu ürək,
Səni istər, səni səslər, səni hər yerdə görər.
Gecə zülmətdi, sükunətdi yaman, yox xəbərim
Tutduğum yol məchul olmuş bilinməz səfərim.
Atəşində külə döndüm, qalmayıbdır hünərim,
Məni ölmüş hesab et, bəlkə ruhumuz qovuşar.