Bakı şəhərində sərnişinnəqliyyat sistemində aparılan bu islahatlar da özünü doğrultmasa vay bizim halımıza
Bakının uzun tarix keçdiyi sərnişinnəqliyyat sistemi indi “intibah” dövründədir. Sövet dövrünün sonları, müstəqilik illərinin astanasında Bakıda “Paz”, “Alabaş”, “Raf” və s. adları ilə məşhur olan avtobusların əlindən zara gəlmişdiksə, indi düz-əməlli nəqliyyat vasitəsi tapa bilmirik. Nəqliyyat Nazirliyinin “avtobus əməliyyatları” deyəsən bitib-tükənmir. Nazirliyin “başbilənləri” gecə yatıb yuxuda gördüklərini səhər durub həyata keçirirlər. Əlbəttə, görülən işlərin arxasında iki ölkə ordusunu təmin edə biləcək qədər pulun olmasını, gətirilən miniklərin dövlətə baha qiymətə sıranmasını və digər nüansları nəzərə almasaq, gündə bir avtobus dəyişdirmək elə də pis hal deyil. Nəzərə almasaq ki, müharibə şəraitində olan dövlətimizin pulları göyə sovrulur, əlbəttə təzə avtobuslarda getmək yaxşı olar. Amma, yenə vacib bir məsələ yadımdan çıxdı, axı paytaxtın tıxac əlindən bezdiyi bir vaxt, acı bağırsaq kimi uzanan, şəhərimizin yollarına heç bir vəchlə uyğun gəlməyən vaqon avtobusların gətirilməsi görəsən nəyə xidmət edir? Vətəndaşların rahatlığını? Yox, sürücülərin “məharət” ilə idarə etdiyi iri tutumlu avtobuslarda getmək həm narahat, həm də qorxuludur. Bir yandan da tıxaclar. Ola bilsin ki sürücülərin planı verə bilməməsi nəzərə alınır. Eh bu yerdə də səhv etdim, axı avtobusların uzunluğu kimi sürücülərin də planı get-gedə şişir. Bəs məqsəd nədir? Bəlkə məqsəd kasıb əhalini avtobuslara həsrət qoymaq, bəlkə də ...
Əlbətdə, biz dözümlü və qayğıkeş xalqıq. Başımıza gətirilən min oyuna dözər və nazirlərimizin rifaqı xatirinə canımızı belə qurban verməyə hazır olarıq. Nə olsun ki bizim canımız “qazel”, “mersedes” yaxud vaqon avtobuslarda çıxacaq. Təki bizim məmurların cibi dolu olsun. Bizim həyatımız “kitayski”, “geydirmə” avtobuslarda çürüsə də olar.
İstəmirəm düşünsünlər ki, bu yazımla Nəqliyyat Nazirliyini və Nəqliyyat Departamentini tənqid edirəm. Sadəcə olaraq baş verən prosesləri açıq fikirlə düşünmək və nəqliyyat sistemində aparılan “islahatlar”ın səbəbini tapmaq istəyirəm.
İndi diqqət yetirək şəhərdə işləyən avtobuslara. Biləcəri istiqamətindən 214 nömrəli avtobusu 28 may metrosundan keçirtdilər Gənclik metrosu istiqamətinə. Nə var 214 saylı avtobusun sahibi əlavə “şapka” vermir. Biləcəri istiqamətinə işləyən 69 nömrəli marşurutu isə tamamilə ləğv etdilər. Axı hansısa məmur həmin istiqamətdə yeni xətt açacaq. 202 saylı avtobusu isə kimsə qanadları altına çəkərək 28 maydan Biləcəri istiqamətinə işləməyə “icazə” verdi. Biləcəridən fərqli olaraq Binəqədidə vəziyyət daha da acınacaqlıdır. Bədbəxt Binəqədi qəsəbəsi sakinləri, şəhərə getmək üçün itin zülümünü çəkir. Ilk öncə Binəqədidən 28 maya gedən 172 nömrəli marşurutunun yolunu əvvəl Gənclik metrosuna, sonra isə təzə açılan Azadlıq Prospekti metrosuna qısaltdılar. 132, 998, 45 və digər avtobuslar da sahiblərinin kasıb olması ucbatından sıxışdırılaraq Azadlıq Prospektinə yönəldildi. Əlbəttə, dəyişikliklər təkcə bu istiqamətlərdə deyil, bir çox istiqamətlərdə avtobus əməliyyatları aparıldı. Lakin dəyişikliklərin nə ilə nəticələnəcəyi hələ qaranlıqdır. Təki hər işin axırı yaxşı olsun və çəkilən zəhmət və xərc zay olmasın. Çünki, sərnişinnəqliyyatda aparılan bu islahatlar da özünü doğrultmasa vay bizim halımıza.
Ziya SƏCCAD Babayev