Adı : NAZIM
Kateqoriya
>September 2010
Mo Di Mi Do Fr Sa So
303112345
6789101112
13141516171819
20212223242526
27282930123
Statistika
» 99896 Hit
» 59 Onlayn
» 1649 Gün
» 708609 Ümumi
1-CI.BIZ Reytinq Sistemi
“SONUNCU BÜT”ÜN SONUNCU HƏRFLƏRINDƏK. || AKTUAL Tarix: 28-1-2010    saat: 21:34Oxunub : 280
Şirift Plus Minus

Tanınmış yazıçı Əyyub Qiyasın “Sonuncu büt” kitabını əvvəldən axıra kimi oxudum.

Tanınmış yazıçı Əyyub Qiyasın “Sonuncu büt” kitabını əvvəldən axıra kimi oxudum. Açığı, bir sıra mətləblər elə ciddi maraq doğurdu ki, istər-istəməz öz fikir və təəssüratlarını bölüşməyi qərara aldım. Bəri başdan deyim ki, burada müəllifin müxtəlif illərdə yazdığı əsərlərdən ibarət vahid bir kompozisiya duydum. Ayrı-ayrı əsərlər zəncirvari bir şəkildə bir-birinə bağlanırdı. Nəinki romanlar, hətta povest və hekayələr də eyni həlqədə birləşirdi. Ən əsası odur ki, bədii üslub, bədii taktika baxımından müxtəlif olan bu əsərlərdəki həmin əlaqə axıra kimi pozulmurdu. Məsələn, əsərin birində bu və ya digər şəkildə ötəri görünən personajın sonrakı taleyi ilə başqa bir əsərdə yenidən, həm də daha geniş planda tanış oluruq. Hərçənd bu əsərlər birbaşa bir-birinin davamı deyil. Bununla belə, qəhrəmanların ikili həyatı daima müəllifin diqqət mərkəzində qalırdı. Doğrusu, əsası böyük Mirzə Cəlil tərəfindən qoyulan və Isa Hüseynovdan üzü bəri nəsr ədəbiyyatımızın spesifik ənənəsinə çevrilmiş silsilə yazı tərzi Əyyub Qiyas nəsrinin müstəsna cəhətlərindən biri kimi qabarır. Bu baxımdan “Sonuncu büt” və “Qara işıq” romanları dediklərimizə əyani misal ola bilər. Hərgah heç “Qarışqa yuvası” povesti də bu silsilədən kənarda deyil və mən deyərdim ki, butanın ayrıca bir ilməsidir. Eyni fikri buradakı hekayələrə də aid etmək istərdim. Məncə Ə. Qiyasın hekayələri daha duyğusal və düşündürücüdü. Bu hekayələrdə ən çox onun təzahür forması diqqət mərkəzindədir. Bununla belə, Ə. Qiyas “qəlibçilik”dən uzaq bir yazardır, bu əsərlərin ideyaca bağlılığı nə qədər varsa məzmun, üslub və dil baxımından fərqləri bir o qədər də aşkardır. Bütövlükdə isə Ə.Qiyas nəsrində necə yazmaq deyil, nədən yazmaq daha artıq önəm kəsb edir. Qeyd edim ki, onun əsərlərində məzmun birinci şərt olmur, o, heç kəsgin sujet qurmağa da can atmır. Ondan ötrü əsas ideyadı, ideyanın əhatə dairəsidi, onun təzahürüdü. Başqa sözlə, bu əsərlərin məzmunu problemin süzgəci rolundadır desək səhv etmərik. Qeyd etmək yerinə düşər ki, Ə.Qiyasın bütün əsərlərində bir ölüm məfhumu var. Ümumiyyətlə onun əsərlərində ölüm ayrıca bir obraz kimidir. Sujetlər boyu qəbrstanlıq səhnələrinin tez-tez təsvir edilməsi də bundan irəli gəlir. Məncə ölüm motivi onun qəhrəmanlarının ayrıca bir simasıdır. Onlar nəinki ölümdən qorxurlar, hətta ölümə qarşı onlarda bir rəğbət hiss olunur. Onlardan ötrü ölüm əbədi dincliyə aparan bir yoldur. Hekayələrinin birində bu yolun yolçuluğu xüsusilə təsirlidi. O lünyaya “səyahət” eləmək nağıla bənzəyir. Ancaq Ə.Qiyasın o dünya qəhrəmanları bu dünya üçün yenə narahatdılar. Bu motiv “Sonuncu büt” romanının ən diqqətçəkən məqamlarından biridi. Burada real və qeyri-real aləmlər arasında rabitənin mümkünlüyü məsələsi elə tərzdə qoyulur ki, adam hətta bunun həqiqət olduğuna inanmaq istəyir. Hərçənd bunun fantastik bir şey olduğu gün kimi aydındır...
Qeyd etmək lazımdır ki, Ə.Qiyasın qəhrəmanları uydurma deyil, müəllifin öz müasirləridi. Məncə bu ondan irəli gəlir ki, yazıçı həyat həqiqətlərinə daha çox yer verir, “Sonuncu büt” romanının əsas qəhrəmanı Məmmədağa onlardan biridi. Bu obraz bütün roman boyu elə cilalanır ki, ona qarşı münasibətin müsbət formatını yalnız sona yaxın hiss etmək mümkün olur. Buna baxmayaraq, bizimçün o, həm də yaddaqalan bir adamdı. Məmmədağanı bizə sevdirən də budur. Məncə Məmmədağanı biz qabaqcadan da tanıyırıq. O, bir növ keçmişdən gəlir. Uzun illər zindan cəzası çəkmiş Məmmədağa nəhayət azadlığa çıxıb doğma şəhərə qayıdır və burada gördüklərindən çox məyus olur. Böyüyüb boya-başa çatdığı bu şəhər birdən-birə ona yad gəlir, burada özünü qürbətdəki kimi hiss etməyə başlayır. Bu şəhərdə elə şeylər yoxa çıxıb ki, onların hər biri Məmmədağanın xəyal dünyasına daxildir. Onların yoxluğu zəngindən diksinəcək, nə də onunçün xüsusilə əziz olan “quşxana”nı öz əvəlki yerində görəcək. Məmmədağa hətta yol kənarındakı tanış zibil qablarının yoxa çıxmasından da qüssələnir. Bunların yerini tutmuş hər cür gözqamaşdırıcı təntənəyə isə “inkişaf” deməyə onun dili gəlmir. Necə dili gəlsin ki, ononlarla papaqçı dükanı olan bu şəhərdə daha nə papaq alan kişilər var, nə də papaq tikən ustalar. Buna görə də Məmmədağa papaq əvəzinə özünə “bezbolka” almağa məcburdu. Bütün bunlara baxmayaraq, onun möhkəm iradəsi var, qabaqkı qədər yenə mübarizdi və həmişəki kimi ədalətsizliyə, zorakılığa qarşıdı. Məsələn, şəhərdə özbaşınalıqla məşgul olan və “Super market” in yiyəsi Muxtarın qazancını haq-nahaq əlindən almağa çalışan “Avtoşu” yerində oturtmaq Məmmədağanın öz qətiyyətidir. Halbuki bu cür problemləri heç polis rəisi də yoluna qoymağa meylli deyil. Məmmədağa isə bunun əksinə olaraq rastlaşdığı hər hansı haqsızlığı aradan qaldırmağı özünə borc bilir. Əslinə qalsa, bu, təkcə Məmmədağanın xarakterindən doğmur, onun yaşayıb öyrəşdiyi mühitin tələblərindən irəli gəlir və bu mühüt, onun qaydaları daha çox Məmmədağanın zindan həyatı ilə bağlıdır. Onun nəzərində dəmir iradə, dürüstlük, kimsəyə borclu qaılmamaq başlıca insani sifətlərdi. Bizimçün Məmmədağa həm də ürəyi yumşaq bir adamdı. Nəinki anası Zübeydə arvadın sızıltıları, qardaşı Ilqarın acıları onun qəlbini göynədir, hətta qonşuları Rüfətin taleyini düşünür, yol süpürən Qızbacının mənasız ötən ömrü istər-istəməz onu narahat edir. Əslində bu adamlar bədbəxt adamlardı, ona görə ki, onlar həmişə tənha olublar. Hətta birlikdə olanda belə tənhadılar. Məmmədağanın isə tənhalığı onsuz da bəllidir. Bununla belə, Məmmədağa böyük gələcək barəsində düşünür, yarımcan olmuş vətən dərdini öz dərdindən üstün tutur. Ancaq Məmmədağanın gücü ona yetir ki, bir dəfə fitnəsindən acılar çəkdiyi erməni Arturikin vasitəsilə Şuşaya, Cıdır düzünə getməyi qərara alır və bununla da özü öz ölümünə qol çəkmiş olur. Ölüm Məmmədağanı yenidən keçmişə, Qarabağlı, Şuşalı günlərə qaytarır...
Oxşar mənalı motivlər “Qara işıq” romanında da var. Fəqət “Sonuncu büt” dən fərqkli olaraq, “Qara işıq” daha çox psixoloji drama kimi keçmişlə gələcək arasında qalmış bir insanın asılılıqla dolu həyatından bəhs edir. Burada cərəyan edən hadisələrin mərkəzində dayanan Rüfət tanınmış bir şairdi. Məncə, bu Rüfət bizim hələ “Sonuncu büt”dən tanıdığımız Rüfətdi. Hər halda, Rüfətlər arasında oxşar cəhətlər kifayət qədərdir. Söz yox ki, bu Rüfətin özünü əməlli-başlı xoşbəxt hesab etməyə haqqı var. O, tanınmış şair olmaqla yanaşı, həm də Hasan Kərimoviç kimi vəzifəli bir şəxsin kürəkənidir. Istər şəxsi həyatında, istərsə də bədii yaradıcılıq sahəsində uğurları az deyil. Buna baxmayaraq, o da Məmmədağa kimitənhadır. Rüfətə elə gəlir ki, ətrafındakı adamlar onu başa düşmək istəmirlər. Ona qalsa, bunlar heç əhəmiyyətli də deyil. Özünü bu geniş və işıqlı dünyada tık-tınha hiss edən Rüfət real aləmin gerçək olduğunu qəbul edə bilmir. Onunçün real aləmdə maraqlı heç nə yoxdur. yaşadığı mühitin bütün qaydaları, ədəb-ərkanları ondan ötrü zəhlətökən vərdişlərə bənzəyir. Buna görə də Rüfət özü üçün gerçək olanı qeyri-real aləmdə tapacağına inanır. Ölüb ölümdən qayıdır. Ölümlə olum arasında ikən isə Molla Gülalının, Süleymanla Cəbrayılın, Tükəzin simaları ilə rastlaşır və ona elə gəlir ki, ömrü boyu yaşadığı çirkablardan xilas olubdur. “Qarışqa yuvası”ndakı Məsi də çirkablardan azad olmağa can atır. Onsuz da Məsinin bu dünyada rahat yaşamaq inamı çoxdan itib. O, dilənçi payı güdən alçaq ün¬sür¬lərdən yaman bezibdir. Məsi də tənhadı, ancaq onun tənhalığı anadangəlmə¬dir. Yetim böyümüş Məsini həyat dəfələrlə sınağa çəkmişdir. Bununla belə, onu ən çox sarsıdan namusu ləkələnmiş və buna görə də özünü qəsd etmiş bacısının acı taleyidi. Bacısının qisasını almaq isə Məsinin ən böyük arzusu olur. Lakin bu da ona qismət deyil. Intiharı yeganə çıxış yolu hesab edən Məsinin ölümü isə Məsinin yaşadığı bu şəhərdə kimsənin vecinə deyil. Təkcə qonşusu, tək-tənha yaşayan Ilqardan başqa. Mənə elə gəlir ki, bu Ilqarı biz hələ “Sonuncu büt”dən tanıyırıq. Beləliklə biz Ilqarı orada bir səmtdən, “Qarışqa yuvası”nda başqa bir səmtdən görürük. Povestdəki Qafar kişi, peraşkisatan Ənvər də bizə çox tanışdır. Qafar kişinin simasında yoxa çıxan bir keçmişin son cizgilərini görürük və bu, biz də acı bir təssüf doğurur.
Kitabda toplanmış hekayələr “Sonuncu büt”ün məna dərinliyi üçün ayrıca rola malikdir və bunu qabaqcadan da qeyd etmişdik. Bunlara əlavə etmək istərdim ki, bu hekayələrdə gəncliyə və həyata bağlılıq ayrıca üstün cəhətdir. Xüsusən “Uşaq oyuncaqları”, “Ölüm”, “Qırmızı... Qıpqırmızı” hekayələrini bu baxımdan daha çox diqqətəlayiq hesab etmək olar.
Beləliklə, Əyyub Qiyasın “Sonuncu büt” kitabı barəsində, daha doğrusu buradakı əsərlərdən aldığım ilkin təəssüratlarımı bu dəfə ən yığcam şəkildə ifadə etməyə çalışdım. Indilikdə ona yeni-yeni yaradıcılıq uğurları arzulayiram və əminəm ki, hörmətli qələm dostumuz gələcək əsərlərində də “Sonuncu büt”dəki kimi həyat həqiqətlərinə daha çox yer verəcəkdir.
Sevindik Mehman